Azərbaycanın Xalq artisti, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarovanın adı iki gündür sosial şəbəkələrin səhifələrində müzakirə mövzusudur. Müzakirələrin səbəbi Xalq artistinin 31 dekabr gecəsi Azərbaycan Televiziyasının Yeni il konsertində çıxış edərək bir neçə mahnı ifa etməsidir.
Zeynəb Xanlarovanın ifasını bəyənməyənlər onunla bağlı müxtəlif tənqidi fikirlər yazır, Xalq artistini bu yaşda AzTV-nin ekranına çıxmaqda qınayırlar.
Bununla yanaşı, müzakirələrdə Zeynəb Xanlarovanı müdafiə edənlər də çoxdur.
Qeyd edək ki, müzakirələrdə fikir bildirənlərin bəziləri Zeynəb Xanlarovanın keçmişindən bəhs edərkən onun mərhum həyat yoldaşının adını müxtəlif məsələlərdə hallandırırlar.
Bəs Zeynəb Xanlarovanın həyat yoldaşı kim idi?
Uvertura.az xəbər verir ki, Xalq artisti Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.
Səlim Abbas oğlu Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.
3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb.
18 sentyabr 2001-ci il ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ləğv edilib. Ləğv olunan “Azərbalıq” Dövlət Konserninin səlahiyyətləri və onun tabeliyində olan müəssisə və təşkilatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.
Mərhum prezident Heydər Əliyevin 5 oktyabr 2001-ci il tarixli sərəncamı ilə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin ləğv edilməsi ilə əlaqədar olaraq Səlim Abbas oğlu Babayev də bu qurumun sədri vəzifəsindən azad olunub.
Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib – Ramil və Ramin Babayevlər.
Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.