Bu gün, yəni avqustun 14-ü böyük sənətkarımız, bənzərsiz muğam ustası Alim Qasımovun doğum günüdür.
Uvertura.az xəbər verir ki, bu haqda Xalq şairi Sabir Rüstəmxanlı özünün “Facebook” səhifəsində yazıb.
O, bildirib ki, onu bir neçə il öncə yazdığım bir şeirlə təbrik edirəm:
“ALİM QASIMOV VƏ FƏRQANƏ ÜÇÜN
Alim:
Ruhumun dilidir bu bülbül nəfəs
Sən könül bağçamda çiçəksən, qızım!
Dünyanın dərdinə bir ürək yetməz,
Sinəmdə ikinci ürəksən, qızım!
Fərqanə:
Bir səsdə əritdin neçə min səsi,
Köksündə çağlayır aləmin səsi.
İlahi bir sirdir AlİMİN səsi,
Sən mənim başımın tacısan, ata!
Alim
Sən bacı əvəzi, ana əvəzi,
Yolun yollarıma qoşulub gəzir.
Səsimə güc verir bu büllur səsin
Atanı qoruyan mələksən, qızım!
Fərqanə:
Üzünə baxıram mən nitqi bağlı,
Sən haqqın sədası, min sirrə çağrı,
Muğam dünyasının ərköyün oğlu,
Özün də səsintək ucasan, ata!
Alim:
Bəmini bəm elə ürək dağlasın,
Vətən ağlamasın, Muğam ağlasın,
Bütün övladları Allah saxlasın,
Nəğmənlə ellərə gərəksən, qızım!
Fərqanə:
Uc-uca calansa zəngulələrin,
Körpüsü olardı Ay ilə Yerin,
Mahnı qanadında aşıb illəri
Cənnət qapısını açarsan, ata!”.