Mədəniyyət

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

Xalq rəssamı Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir.

Uvertura.az xəbər verir ki, bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 12 il ötür. O bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı bənzərsiz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.

1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı heç də asan olmayıb. Atası Fərman Şuşada doğulub. Fransanın Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.

Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.

You may also like