Dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən “Sofar Sounds” musiqi hərəkatının iyulun 7-də İçərişəhərdə növbəti açıq hava konserti olacaq.
AZƏRTAC xəbər verir ki, 2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq, onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.
Qeyd edək ki, beynəlxalq səviyyədə baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.
“Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar – Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedovsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.