Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusunda istehsal etdiyi “Nəsil ağacı” adlı sənədli filminin özbək dilində nümayişi baş tutub.
Uvertura.az xəbər verir ki, mərkəzdə keçirilən təqdimatda Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.
Filmin təqdimatından əvvəl Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgi baş tutub. Sərgidə Qərbi Azərbaycan ərazisində ölkəmizin tarixi, dini abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və s. mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyevdir.
“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.