Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur.
Maraqlıdır, Novruz süfrəsi bu il bir ailəyə minimum neçə manata başa gəlir?
Uvertura.az xəbər verir ki, şirniyyatlar üçün iki kiloqram un minimum üç manat, yağ kərə yağıdırsa, iki kiloqramı 30 manat, qatıq 3-4 manat, on ədəd yumurta bir manat 70 qəpik, bir kiloqram qoz ləpəsi 16 manat, bir kiloqram fındıq ləpəsi 15 manat, iki kiloqram şəkər tozu dörd manatdır. Əlavə ədviyyatlar üçün iki manat vəsaitə ehtiyac var. Beləliklə, Novruz şirniyyatlarının hazırlanması minimum 73-74 manata başa gəlir. Əgər bu şirniyyatları hazır almaq istəyirsinizsə, şəkərburanın bir ədədi minimum bir manat, paxlavanın kiloqramı 20 manatdan başlayır, qoğalın isə bir ədədi minimum bir manatdır. Yəni dörd nəfərlik ailəyə minimum on şəkərbura, on qoğal alsaq, bir kiloqram da paxlavanı üzərinə gəlsək, 40 manatımızdan keçməli olacağıq.
Şah plovun şah kimi qiyməti
Süfrələrin şahı plovdur. Plovsuz Novruz Bayramı təsəvvür edilməz. Bir ailə plov yemək üçün bir kiloqram düyüyə minimum beş manat ödəməlidir. Yanında “aş-qarasını” saysaq, 20 manat da buna xərclənməlidir.
Bu gün ən çox xərc tutan məhsullar ət və kərə yağıdır. Mal ətinin bir kiloqramı 13 manat, qoyun əti 17-18 manat, toyuq əti 6-10 manatdır. Əgər balıq almaq istəsəniz, məsələn, kütüm üçün 17-20 manatınızdan keçməli olacaqsınız.
Belə ki, isti yeməklərə xərclənən pul minimum 41 manat, şirniyyata 50 manat, şirələrə isə altı manatdır. Dörd nəfərlik ailə bayram süfrəsi açmaq üçün minimum 270 manat xərcləməlidir.