Sən çalmaq istəsən eşqin sazını,
Kərəm çala bilmir, gəl məndən öyrən.
Yandırmaq istəsən eşqin şamını,
Alov yana bilmir, sevəndən öyrən.
Məcnun anlasaydı eşqin sirrini,
Düşüb səhralara heç inləməzdi.
O sevə bilsəydi öz Leylisini,
Yaşamaq var ikən inan ölməzdi.
Çay öz dəryasını axtarıb tapar,
Çıxar mǝcrasından, qayanı çapar.
Dönməz arzusundan, getdiyi yoldan,
Qovuşub ümmana vüsala çatar.
Eşqin şimşək kimi çaxsın ki, gərək,
Sevdiyin yandırsın, kamına yetsin.
Yalnız sevənlərdən qorxar bu fələk,
Bacarmaz sevəni yolundan etsin!