Sentyabrın 1-dən Azərbaycan Milli Xalça Muzeyi xalça sənətinin adi tamaşaçı üçün sirli qalan və əlçatan olmayan tərəflərini görmək istəyən şəxslər üçün turlar təşkil edir.
Muzeydən Uvertura.az-a bildirilib ki, “Yarımköçəri həyat” adlandırılan turda proqrama uyğun olaraq iştirakçılara yarımköçəri həyat tərzi sürən insanların məişətinin ayrılmaz hissəsi olan xovsuz xalçalar və xalça məmulatları üzrə ekskursiya təqdim olunacaq. Həmçinin xovsuz xalçatoxuma texnikaları, o cümlədən çətən üzrə ustad dərsi keçiriləcək, sonra Bibiheybət məscidinə ziyarət təşkil ediləcək.
“Saray xalçaları” turuna qatılan iştirakçılar isə muzey kolleksiyasından nadir incilər – XVII-XVIII əsr Qarabağ, Təbriz, Şamaxı, Bakı xalçaları ilə tanış olacaq, xovlu xalçanın toxunması üzrə ustad dərsi keçəcəklər. Onlar üçün tanınmış xalçaçı-rəssamın emalatxanasında sənətkarla görüş təşkil olunacaq.
Hər iki tur proqramına muzeyin qapalı fond-saxlanc otaqları, xalçaların bərpa laboratoriyası ilə tanışlıq da daxildir.
Turlar həftənin cümə və şənbə günləri saat 10:00-dan 18:00-dək bu sahə üzrə mütəxəssislər tərəfindən aparılacaq.
6 nəfər üçün nəzərdə tutulan turlara qatılmaq istəyənlər ən gec bir həftə öncə https://forms.gle/RJNMJM7uxoJDASu97 linkindən qeydiyyatdan keçməlidirlər.