Arif Babayev 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Onun istedadı gənc yaşlarından tanınmış və o, Azərbaycanın muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilməyə başlamışdır.
1953–1957-ci illərdə Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Arif Babayev sənət fəaliyyətinə 1963-cü ildə Azərbaycan Televiziya və Radiosunun solisti kimi başlamış və qısa müddət ərzində böyük populyarlıq qazanmışdır. O, “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Seygah”, “Qarabağ şikəstəsi” kimi klassik muğamların mahir ifaçısı kimi tanınmışdır.
Arif Babayevin çoxşaxəli yaradıcılığı, milli musiqimizin zəngin irsinin qorunub yaşadılması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar artist”, “Xalq artisti” fəxri adlarına, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Prezidentin fərdi təqaüdünə və bir çox digər mükafatlara layiq görülmüşdür.
Böyük xanəndə, gözəl pedaqoq, əsl sənətkar və ziyalı insan Arif Babayevin əziz xatirəsi onu tanıyanların və sevənlərin qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!