Mədəniyyət

Bu gün Xan Şuşinskinin anadan olmasından 124 il ötür

Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.
Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi tanınırdı. O, məclislərin birində İsfəndiyarın səsini bəyənib və onu özünə şagird götürüb.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.
Xan Şuşinskinin öz mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı sözləri də Xana məxsusdur. Mahnılarının, demək olar, hamısı bədahətən yaranıb.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragöz”ü dinləməkdən zövq alırmış.

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

Allah rəhmət eləsin!

You may also like