Mədəniyyət

Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa ediləcək

Naxçıvanda “İsmayıl Xan Hamamı” bərpa olunacaq

Naxçıvan Muxtar Respublikasında XVIII əsrə aid tarixi-memarlıq abidəsi – “İsmayıl Xan Hamamı”nın bərpası planlaşdırılır.

Uvertura.az Report-a istinadən xəbər verir ki, abidənin yenidən qurulması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma prosesi elan olunub. Layihə çərçivəsində hamamın ətrafının abadlaşdırılması, topoqrafik və geoloji tədqiqatların aparılması, interyer və daxili tərtibat işlərinin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu tədbirlər “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən həyata keçirilir.

Bundan başqa, 2024-cü ildə Ordubad şəhərində yerləşən “Ərbabın iş yeri” və ona bitişik tarixi binanın bərpasına dair sənədləşmə prosesi tamamlanıb. Eyni zamanda, “Sərşəhər Məscidi”nin bərpası üzrə layihələndirmə işlərinə başlanılıb.

Mədəniyyət Nazirliyi bildirir ki, muxtar respublika ərazisində tarixi abidələrin qorunması və bərpası istiqamətində işlər gələcəkdə də davam etdiriləcək.

You may also like