Xətai Sənət Mərkəzində yerli və xarici rəssamların plener əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Uvertura.az xəbər verir ki, tədbirdə tanınmış rəssamlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edərək sərginin əhəmiyyətindən danışıblar.
Sərgiyə 200-ə yaxın peşəkar rəssam tərəfindən 400-dən çox əsər təqdim olunub. İştirakçılar arasında Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Finlandiya, Əlcəzair və Hindistandan olan rəssamlar da yer alıb.
Seçim mərhələsində “bir rəssam – bir əsər” prinsipi əsas götürülərək 100 əsər, eləcə də qonaq rəssamların yaradıcılıq nümunələri nümayişə çıxarılıb. Əsərləri sərgilənən iştirakçılara sertifikatlar təqdim edilib.
Bildirilib ki, sərgidən seçilən 10 əsərin müəllifi xüsusi etüd turuna dəvət olunacaq.
Sərgi oktyabrın 12–13-də ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.
