Mayın 25-i Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kod adı: “V. X. A.” və ya Kod adı “Vətən xainlərinin arvadları” əsəri səhnələşdiriləcək.
Uvertura.az xəbər verir ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu “Kod adı: VXA” tamaşası 30-cu illər repsessiyasına məruz qalmış Azərbaycan qadınlarına həsr edilib.
2 hissəli tarixi-sənədli dram tamaşasının baş rollarını Xalq artistləri Naibə Allahverdiyeva, Nübar Novruzova, Əməkdar artistlər Şəfəq Əliyeva, Kəmalə Müzəffər, Leyli Vəliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlardan Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Səbinə Məmmədzadə, Aygün Fətullayeva, Könül Əbilova ifa edəcəklər.
Tamaşa repressiya qurbanlarından biri – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim, tanınmış maarifçi Əhməd Cavadın anadan olmasının 130 illiyinə, eyni zamanda, repressiyaya məruz qalıb ləyaqətini qorumağın nümunəsini göstərən Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs, sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edir.
Mehriban Ələkbərzadə müəllifi və quruluşçu rejissoru olduğu “Kod adı: VXA” təvsirində tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin müdhiş mənzərəsini yaradır.
Tamaşa ağır faciələrin təsviri fonunda cərəyan etsə də, sabaha bir ümid var: bir gün bu əzab bitəcək, evlərinə qayıdıb əzizlərinə qovuşacaqlar! Nə qədər ağır olsa da, zaman keçir, qadınlar artıq azadlıqdadırlar.
Tamaşada şairə sürgün edilmiş 37 azərbaycanlı qadının həyatı o cümlədən də şairə Ümmügülsümün, şairə və Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavadın, aktrisa Panfiliya Tanailidinin, pianoçu Xədicə Qayıbovanın, Quba Qızlar Seminariyasının direktoru Sənubər Eyyubovanın, jurnalist Mədinə Qiyasbəylinin, ictimai-siyasi xadimlər Ceyran Bayramovanın, Ayna Sultanovanın həbsxanada və ya sürgündə başlarına gələn hadisələr real faktlar əsasında səhnələşdirilib.
Müəllif öz qəhrəmanlarının dilindən qayəsini belə izhar edir: “İndi bizdən hər hansı nişanə qalıbsa, bizi xatırlayırsınızsa …demək ki, biz olmuşuq. Yaşamışıq. Şahidsiz, sübutsuz…həyatımızı, şərəfimizi xərclədilər. Biz Həyatın dibində…oradan da aşağıda idik…Əsas odur ki, bizi xatırlayın.” Bu, şərti olaraq, 37 qadına vida borcumuzdur! Əslində onlar 26 min nəfər idi… Bu qadınlar tarixin görünməyən qəhrəmanları idilər… Tarix səsli müharibələrdən başqa səssiz savaşlarda da yaşanılır. Tarixin səssiz, zərif və çox güclü qadın iştirakçıları var. Onlar təkcə fiziki deyil, mənəvi qələbəni də əsaslandırırlar.”