Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.
Uvertura.az xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə imzalanıb.
Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd Türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, Türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, Türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir.
Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsinin icraçısı Orxan Fikrətoğlu təmsil edib.