Şahmar Ələkbərov 1943-cü il avqustun 23-də Gəncədə dünyaya göz açıb. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanımdır. Şahmarın 9 yaşı olanda ailəsi Gəncədən Bakıya köçüb. Orta məktəbi 15 yaşında bitirib. O zaman Şahmar evdə bildirir ki, sənədlərini Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə verəcək, amma məlum olduğu kimi belə etmir və anası İzulət xanım buna bərk əsəbləşir, çünki İzulət Ələkbərova Azərbaycanda açılmış ilk pedaqoji texnikumun birinci məzunlarından idi və oğlunu səhnədə görmək istəmirdi.
Şahmar Ələkbərov isə tuttuğu yoldan geri dönmədi…
O, cəmi 49 il yaşadı. Amma bu müddətdə yaratdığı obrazlarla, çəkdiyi filmlərlə adını əbədi olaraq kino tariximizə yaza bildi.
ŞahmarAzərbaycan İncəsənət İnstitutunun aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ üçüncü kursda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sonra böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərоv onu kinostudiyanın nəzdində özünün yaratdığı “Kino aktyorluğu” studiyasına dəvət edib. Şahmar Ələkbərov “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradio sahəsində də fəal olub. O, radioda ilk dəfə “Ulduz” proqramının aparıcısı kimi çıxış edib. Bundan başqa, onlarla televiziya tamaşasında yaddaqalan obrazlar yaradıb, “Molla Nəsrəddin” radio verilişinin aparıcısı olub, bir çox filmlərin dublyajında iştirak edib.
Şahmar Ələkbərovun yaradıcılıq bioqrafiyasında elə filmlər var ki, onlar milli mənəvi dəyərlərimizin ən qiymətli nümunələri sırasındadır. Bunun səbəbi isə bu filmlərin milli mənəvi dəyərlərimizə söykənərək tariximizin müəyyən dövrünün real ab-havasını canlı əks etdirməsidir.
Ümumiyyətlə, 20 illik yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləmişdi Şahmar Ələkbərov. “Dağlarda döyüş”dən başlamışdı onun ilk aktyor karyerası. Şahmar Ələkbərovun yaratdığı Qəzənfər (“Yeddi oğul istərəm”), Oğul (“İntizar”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Gəncəbasarlı qisasçı”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Nuru (“Qəribə adam”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar…”), Cümşüd (“Avqust gələndə”), İbrahim (“Atları yəhərləyin”) kimi obrazlar bir-birindən fərqli, xarakter və dünyagörüşcə müxtəlif insanlardır. Ancaq onları birləşdirən Şahmar Ələkbərovun aktyor istedadı, gözəl ifa tərzi və bir də sənətinə olan hədsiz məhəbbətidir.
Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq istəyirdi. Bu, məşhur qəzəlxan Əliağa Vahidin ekran obrazını yaratmaq idi. Günlərin birində Şahmar Ələkbərov öz ssenarisi əsasında “Qəzəlxan”ı çəkməyə başladı. 1990-cı il idi. O, xəstə vəziyyətdə işləyir. Baş rola gənc aktyor Loğman Kərimova dəvət edir. Çəkilişlər dayanmadan gedirdi, hər şey öz qaydasında idi. Film qurtaranda məlum oldu ki, material çoxdur. Şahmar Ələkbərov filmi iki hissədə çəkməyi qərara alır. 1991-ci ildə isə film ekranlara çıxır. Əfsus ki, Şahmar Ələkbərov filmin ekran taleyini görə bilmədi. Uzun sürən əzab-əziyyətdən sonra görkəmli kino xadimi, Xalq artisti 12 avqust 1992-ci ildə 48 yaşında dil xərçəngindən vəfat etdi.
Allah rəhmət eləsin!