Azərbaycan Milli Kitabxanasında “21 Sentyabr – Beynəlxalq Sülh Günü” mövzusunda virtual kitab sərgisi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib.
Milli Kitabxanadan uvertura.az-a verilən məlumata görə, virtual sərgidə sülh, təhlükəsizlik və sabitlik mövzularını əhatə edən müxtəlif materiallar, eləcə də dövri mətbuatda dərc olunmuş məqalələr toplanıb.
Sərgidə Azərbaycan–Ermənistan–ABŞ Birgə Bəyannaməsi, Prezident İlham Əliyevin sülh və qlobal təhlükəsizlik məsələləri ilə bağlı fəaliyyəti, Azərbaycanda cəmiyyətin gələcək inkişafı, davamlı sülh mühitinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı materiallar təqdim olunur.
Virtual ekspozisiyada, həmçinin sülh ideyalarının təşviqi, qarşılıqlı anlaşma, təhlükəsizlik və sabitliyin əhəmiyyətini əks etdirən Azərbaycan və xarici dillərdə müxtəlif nəşrlər yer alıb.
Sərgi oxuculara mövzu ilə bağlı kitab, məqalə və digər informasiya resursları ilə onlayn şəkildə tanış olmaq imkanı yaradır, eyni zamanda Beynəlxalq Sülh Gününün mahiyyəti və sülh mədəniyyətinin əhəmiyyəti barədə daha geniş məlumat əldə etməyə şərait yaradır.
