Bülbül! O, Azərbaycan mədəniyyətinin görkəmli simalarındandır. Onun məlahətli səs tembri, qeyri-adi, yumşaq oxu tərzi xalq arasında sevildiyi üçün tez bir zamanda şöhrətin zirvəsinə ucala bilib. Elə Bülbül adını da xalq ona bu mənada verib. Murtuza Məmmədovun sənət fəaliyyətinə nəzər salanda, yaradıcılığının çoxşaxəli, səs imkanlarının nə qədər geniş olduğunu görürük. O, opera müğənnisi, təsniflərin mahir ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal sənətinin banisi, SSRİ Xalq artisti və Stalin mükafatı laureatıdır. Bülbül haqqında bu təqdimatı çox uzatmaq olar. Lakin oxucuya sadəcə Bülbül adı kifayət edir. O, qeyriadi ifa tərzi, musiqiyə etdiyi professional gedişlər, muğam ifaları ilə xalq sevgisini qazanmışdır. El məclislərində, toylarda Bülbülün ifasını heyranlıqla dinləyənlər onu musiqinin Bülbülü adlandırmışlar.
Sözsüz ki, Azərbaycan musiqisinin beşiyi, Qafqazın konservatoriyası olan Şuşada böyüyüb, o yerlərin havasını udub, suyunu içən insan məhz Bülbül kimi də oxumalı idi.
Uvertura.az xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün vəfatından 63 il ötür.