Azərbaycan, Pakistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran və Tacikistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı, Berlin şəhərinin Zehlendorf meriyasının və Almaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Nəsrəddin – ailə festivalı” keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Zehlendorf meriyasının binasında təşkil olunan festivalda Azərbaycanın Almaniyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə yaradılan stenddə ölkəmizin tarixi, mədəniyyəti, milli-mədəni irsi və adət-ənənələri barədə ətraflı məlumat verilib.
Festivalın açılış mərasimində qeyd olunan ölkələrin diplomatları, Berlin şəhərinin Steqlitz-Zehlendorf rayonunun meri xanım Maren Şellenberq, Berlin şəhər parlamentinin təhsil komitəsinin sədri Sandra Xalatbari və Almaniya Xarici İşlər Nazirliyinin media və mədəniyyət şöbəsinin müdiri Yens Vaqner çıxışlar edib, dost xalqların milli mədəniyyətlərinin Almaniyada tanıdılması və təbliği, ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından belə tədbirlərin önəmini vurğulayıblar.
Çıxışlardan sonra ölkələrin milli-mədəni irsini və adət-ənənələrini əks etdirən stendlərə baxış keçirilib. Festivalda Molla Nəsrəddinə aid müxtəlif dillərdə çap olunmuş kitablar sərgilənib, iştirakçı ölkələrin milli mədəniyyətlərinə dair təqdimatlar edilib, azyaşlı iştirakçılar arasında maraqlı stolüstü oyunlar təşkil olunub.
Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Xarıbülbül Azərbaycan Mədəniyyət Evinin üzvləri Xəyalə Çiftçi, Pərvanə Aslanova və Lalə Məmmədova milli mədəniyyətimizin təbliğ olunduğu stenddə iştirakçılara ölkəmizlə bağlı məlumat verib, onların suallarını cavablandırıblar. Mədəniyyət Evinin şagirdləri Azərbaycan milli geyimlərini iştirakçılara təqdim ediblər. Xarıbülbül Mədəniyyət Evinin nəzdində Səid və Əzizə İbrahimlinin rəhbərliyi ilə fəaliyyət göstərən “Ritm” rəqs qrupunun ifasında “Qarabağ” rəqsi tamaşaçılara təqdim edilib.
Festivalın qalibləri Azərbaycanın və digər təşkilatçı ölkələrin səfirlikləri tərəfindən milli atributları əks etdirən hədiyyələrlə təltif olunublar.