Noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası olacaq.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub. Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, paytaxtın Altındağ rayon bələdiyyəsi, qardaş ölkənin bir sıra ictimai təşkilat və strukturları dəstək verib.
Ekran əsərinin müəllifləri arasında quruluşçu rejissor Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, quruluşçu operator Şahmar Səfəroğlu və başqaları yer alır. Onlar tamaşaçılara müharibənin, o cümlədən Xocalı soyqırımının faciəli səhifələrinin əhval-ruhiyyəsini çatdırmağa çalışıblar.