Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Qazaxıstanın Şimkənd şəhərində keçirilən Mərkəzi Asiya Ölkələrinin IX Beynəlxalq Teatr Festivalında böyük uğur qazanıb. Festivalda teatrın təqdim etdiyi Əməkdar artist Şövqi Hüseynovun iştirakı ilə gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” (Pərviz Seyidli) monotamaşası iştirakçılarda böyük maraq yaradıb. Bu əsər, festivalın müxtəlif nominasiyalarında mükafatlar qazandı və böyük bəyənmə aldı.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, musiqili Teatrın nümayəndə heyəti, o cümlədən sənətşünaslıq üzrə fəlsəfə doktoru və teatrın direktor müavini Vəfa Mühacirova, Əməkdar artist Şövqi Hüseynov, monotamaşanın quruluşçu rejissoru Zaur Əliyev, musiqi tərtibatçısı Məhəmməd Məmmədov və işıqçısı Nicat Həmidov Qazaxıstanda böyük hörmət və ehtiramla qarşılandığını qeyd edərək, festivalda iştirak etməyin onlara həm peşəkar, həm də şəxsi təcrübə baxımından böyük məmnuniyyət gətirdiyini vurğulayıblar
Teatrın nümayəndələri, festival çərçivəsində türkdilli ölkələrin teatr xadimləri və incəsənət nümayəndələri ilə keçirdikləri işgüzar görüşlərdən də məmnun qaldıqlarını bildirib, bu cür mədəni əlaqələrin ölkələri daha da yaxınlaşdıracağına inanırlar. Vəfa Mühacirova, Azərbaycana olan isti münasibətin bu cür qarşılıqlı əlaqələr vasitəsilə daha da dərinləşəcəyini və gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.