“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində Qara Qarayevin ev-muzeyində növbəti musiqi konserti baş tutub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, konsertdə gənc bəstəkar və pianoçu Aydan Əliyeva çıxış edərək, müxtəlif musiqi əsərləri ifa edib. O, həm özünün bəstələdiyi mahnıları, həm də klassik bəstəkarların əsərlərini səsləndirib.
Aydan Əliyeva 2024-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür və simfoniya, prelüd, fortepiano və orkestr üçün bəstələdiyi əsərlər və mahnılarla tanınır.
Layihənin əsas məqsədi gənclərin mədəni həyatda daha fəal iştirakını təmin etmək, musiqi mədəniyyətini inkişaf etdirmək və istedadlı gənclərin fəaliyyətini dəstəkləməkdir.