“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edib.
Uvertura.az xəbər verir ki, Tədbirdə DTMQİ-nin İdarə Heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin sədr müşaviri Məftunə İsmayılova, tanınmış fotoqraf Reza Deqati və “İçərişəhər” Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov çıxış ediblər. Natiqlər Ermənistan Silahlı Qüvvələrinin Xocalıda mülki əhaliyə qarşı törətdiyi bu vəhşiliyin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ağır cinayət olduğunu vurğulayıblar.
Çıxışçılar həmçinin Xocalı qurbanlarının qanının yerdə qalmadığını və şəhərin yenidən dirçələcəyini bildiriblər.
Tədbirin bədii hissəsində şəhidlərin xatirəsinə həsr olunmuş elegiya səsləndirilib. Eşitmə və nitq məhdudiyyəti olan gənclər isə jest dilində “O qanlı gecə” şeirini ifa ediblər. Daha sonra iştirakçılar “Xocalı – Yaralı ruhlar” sərgisi ilə tanış olublar.
Qeyd edək ki, Sərgi fevralın 28-dək ziyarətçilər üçün açıq olacaq və giriş sərbəstdir.