Türk kino və televiziya sənayesinin tanınmış simalarından biri olan Osman Sınav 69 yaşında dünyasını dəyişib. “Kurtlar Vadisi”, “Deli Yürek”, “Sen Anlat Karadeniz”, “Acı Hayat” və “Ekmek Teknesi” kimi unudulmaz layihələrin rejissoru olan Sınav, uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
Uvertura.az xəbər verir ki, bu barədə rejissorun rəhbərlik etdiyi Sinegrafın instagram səhifəsində paylaşım edilib.
Keçən ilin dekabr ayında sənət dostları Selçuk Yöntem, Oktay Kaynarca, Özgü Namal və Mehmet Aslantuğ onu evində ziyarət etmişdilər.
1956-cı ildə Burdurda anadan olan Osman Sınav, İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm Bölməsini bitirib. Daha sonra Sinema Televiziya İnstitutunda təhsil alaraq, reklam agentliklərində mətn yazarı kimi fəaliyyət göstərməyə başlayıb.
Rejissor karyerası boyunca “Bir Muharririn Ölümü”, “Hünkarın Bir Günü”, “Yalancı Şafak” və “Küçük Dünya” kimi ekran işlərinə imza atıb. Xüsusilə 1993-cü ildə çəkdiyi “Süper Baba” serialı ilə böyük uğur qazanan Sınav, sonrakı illərdə “Deli Yürek”, “Ekmek Teknesi”, “Kurtlar Vadisi”, “Sakarya Fırat” və “Sen Anlat Karadeniz” kimi məşhur serialların rejissorluğunu edib.
Allah rəhmət eləsin!