Laçın şəhərində keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin bağlanış mərasimi olub.
Bu barədə Uvertura.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov layihənin bu il “MDB-nin mədəniyyət paytaxtı” olan Laçın şəhərinin beynəlxalq aləmdə tanıdılmasına töhfə verdiyini söyləyib.
Xüsusi nümayəndə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş digər torpaqlarımız kimi, Laçın rayonunda da geniş infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Laçın şəhərində gənclərin istedad və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb. Şəhərdə qurulan kinostudiya, yaradıcılıq mərkəzi, qalereyalar və s. burada mədəni mühitin canlandırılması baxımından böyük əhəmiyyət kəsb edir. Məsim Məmmədov Laçında gerçəkləşən beynəlxalq mədəniyyət layihələrinə dəstək verən qurumlara və şəhərə təşrif buyurmuş yaradıcı gənclərə təşəkkürünü bildirib.