Mədəniyyət

Azərbaycan fotoqrafları beynəlxalq uğurlara imza atır

Son illər ərzində Azərbaycan fotoqrafiyası yalnız milli mədəniyyətimizin ayrılmaz bir hissəsi kimi deyil, həm də beynəlxalq səviyyədə sənət və ünsiyyət vasitəsi kimi mühüm rol oynamağa başlayıb. Bu sahənin inkişafında isə “Gilavar Foto Klubu” İctimai Birliyinin fəaliyyəti xüsusi önəm daşıyır. Birlik, foto sənətinin təşviqi, fotolayihələrin və fotosərgilərin keçirilməsi, yerli fotoqrafların beynəlxalq səviyyədə tanınması, ölkəmizin zəngin mədəni irsinin, tarixi abidələrinin, təbiətinin və idman nailiyyətlərinin dünya auditoriyasına təqdim olunması istiqamətində mühüm addımlar atır.

Azərbaycan Fotoqrafiya Federasiyası “Gilavar Foto Klubu” İctimai Birliyinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq fotomüsabiqələrin statistik təhlilini təqdim edib.

Uvertura.az-a verilən məlumata görə, son 7 ildə Klub ümumilikdə 24 fotomüsabiqəyə imza atıb. Bunlardan 5-i yerli, 19-u isə beynəlxalq status daşıyır. Beynəlxalq fototəşkilatların rəsmi təsdiqi ilə həyata keçirilən bu müsabiqələrdə indiyədək 101 ölkəni təmsil edən fotoqraflar iştirak edib. Orta hesabla hər müsabiqədə 65–70 ölkədən iştirakçı qeydiyyatdan keçib ki, bu da müsabiqələrin geniş miqyaslı və nüfuzlu olduğunu göstərir.

You may also like