Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsi “Küçə sənətçiləri” layihəsində iştirak etmək üçün müsabiqə elan edib.
Agentlikdən Uvertura.az-a bildirilib ki, layihə Bakı şəhərinin mərkəzində 20 qalib iştirakçı üçün xüsusi ayrılmış çıxış yerlərində küçə sənətçilərinin öz istedadını və sənətini sərbəst şəkildə nümayiş etdirmələrinə dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.
Layihənin əsas məqsədi müasir dünyada çox geniş yayılmış incəsənəti və biznesi özündə birləşdirən küçə sənətinin (“Street Performance”) biznes aspektlərinin və müasir turizm tendensiyalarında formalaşan rolunun Azərbaycan gəncləri arasında düzgün təbliğinə nail olmaqla yanaşı, turistlərin marağına səbəb ola biləcək yeni şəhər fəaliyyət növlərinin formalaşdırılmasına dəstək olmaqdan ibarətdir.
Küçə sənəti vasitəsilə ifaçılıq, rəssamlıq, aktyorluq, dulusçuluq və ya toxuculuq sənətinə dair ustad çıxışlarını fərqli formatlarda turistlərə nümayiş etdirməklə həm Azərbaycan xalqının unikal milli-mədəni irsini təbliğ etmək, həm də ərsəyə gələn nümunələrin satışını həyata keçirməklə küçə sənətçiləri tərəfindən müəyyən iqtisadi gəlirlərin əldə edilməsinə dəstək olmaq layihənin məqsədlərindəndir.