Bakıda Özbəkistanın Mədəniyyət Günləri davam edir. Bu incəsənət bayramı xalqlarımızın yaxınlığını və ortaq mədəni əlaqələrin zənginliyini bir daha nümayiş etdirir. Proqram çərçivəsində növbəti tədbir Heydər Əliyev Sarayında keçirilən “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının konserti olub.
Uvertura.az xəbər verir ki, tamaşaçılara Özbəkistanın tanınmış incəsənət xadimlərinin, Özbəkistan Dövlət Simfonik Orkestrinin və “Navruz” ansamblının iştirakı ilə zəngin konsert proqramı təqdim edilib.
Simfonik orkestrin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, həmçinin “İskəndərnamə” əsərlərindən ilhamlanan musiqili-xoreoqrafik kompozisiyalar səsləndirilib.
