Mədəniyyət

Bu gün görkəmli şair Nazim Hikmətin doğum günüdür

Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına misilsiz təsir göstərib, şeirdə yeni yollar açmış novator sənətkar, əsrin klassikidir. O, həm mübariz ictimai xadim, həm də istedadlı şair və dramaturq idi.

Uvertura.az xəbər verir ki, bu gün türk inqilabi poeziyasının banisi, şair, dramaturq, ssenarist, Beynəlxalq Sülh Mükafatı laureatı Nazim Hikmətin doğum günüdür.

Nazim Hikmətin ilk şeiri “Sərvlikdə” 1918-ci ildə “Yeni məcmuə” jurnalında dərc olunub. Onun 1926-cı ildə yazdığı ilk poeması “Neft dünyasına səyahət” – Bakı neftçilərinə həsr olunub. 1928-ci ildə şairin ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı – “Günəşi içənlərin türküsü” işıq üzü görüb. Nazimə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb.

Akademik İsa Həbibbəyli yazılarının birində qeyd edib. “Nazim Hikmətin bir çox şeirlərinin dünya ədəbiyyatında təkrarsızdır. Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkardır. O, romantik ruhlu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. Ölkəmizdə Nazim Hikmət haqqında ciddi araşdırmalar aparılıb, çoxsaylı kitablar, monoqrafiyalar, əsərlər, dissertasiyalar yazılıb”.

Bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baleti dünyanın bir çox ölkələrində tamaşaya qoyulub. Heykəltaraş Münəvvər Rzayeva şairin büstünü, Toğrul Nərimanbəyov və başqa rəssamlar portretini yaradıblar.

Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat edib.

You may also like