“Microsoft” “Windows 11”də batareya problemini aradan qaldırdı
“Microsoft” şirkəti “Windows 11” əməliyyat sistemində noutbukların gözlənilmədən yuxu rejimindən oyanmasına və batareyanın daha sürətli tükənməsinə səbəb olan problemi həll etdiyini açıqlayıb.
Uvertura.az xəbər verir ki, bu barədə Windows Latest (WL) nəşri məlumat yayıb.
Məlumata görə, problem fon prosesləri və “Modern Standby” adlı gözləmə rejimi ilə bağlı olub. Qeyd edək ki, “Modern Standby” bütün yeni “Windows 11” əsaslı kompüterlərdə mövcuddur və smartfonlarda olduğu kimi, ekran kilidli vəziyyətdə cihazın gözləmə rejimində qalmasına imkan verir. Bu rejim enerji sərfiyyatını azaltmaqla yanaşı, sistemin sürətli şəkildə istifadəyə hazır olmasını təmin edir.
Lakin istifadəçilər uzun müddət ərzində batareya ömrünün azalması və noutbukların istifadəçi müdaxiləsi olmadan aktivləşməsi ilə bağlı şikayətlər ediblər.
“Microsoft” problemi etiraf edərək, sistemin istifadəçi müdaxiləsi olmadan dərin yuxu rejimindən oyanmasının qarşısını alan yeni mühafizə mexanizmlərini tətbiq edib. Yenilənmədən sonra cihaz yalnız güc düyməsinə basıldıqda, noutbukun qapağı açıldıqda və ya digər qəsdən edilən hərəkətlər zamanı aktivləşəcək.
Bildirilir ki, sözügedən dəyişikliklər artıq “Windows 11 24H2” və daha yeni versiyalarda qüvvəyə minib.
