Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” bədii filminin nümayişi ərəfəsində mətbuat konfransı təşkil edilib.
Uvertura.az xəbər verir ki, tədbirdə filmin yaradıcı heyəti, rejissorları, prodüserləri və aktyorları media nümayəndələrinin suallarını cavablandıraraq ekran əsərinin ərsəyə gəlməsi, çəkiliş prosesi və qarşıya qoyulan məqsədlər barədə məlumat veriblər.
Bildirilib ki, real hadisələrə əsaslanan film Vətən müharibəsində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlığı, vətənpərvərliyi və qələbə əzmini əks etdirir.
13 ölkədən mütəxəssislərin cəlb olunduğu layihənin beynəlxalq auditoriyaya təqdim edilməsi və müxtəlif film festivallarında nümayişi də nəzərdə tutulur.
Mətbuat konfransında ekran əsərinin tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
