Nizami Kino Mərkəzində İkinci Dünya müharibəsinin əfsanəvi partizanı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin (“Mixaylo”) həyat və döyüş yolundan bəhs edən “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası baş tutub.
Sloveniyanın “RTV Slovenija” televiziya qurumunun istehsalı olan ekran əsərində Mehdi Hüseynzadənin Sloveniya ərazisində faşizmə qarşı mübarizəsi, göstərdiyi şücaət və qəhrəmanlıq irsi əks etdirilib.
Uvertura.az xəbər verir ki, tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin direktor vəzifəsini icra edən Turan Məmmədli filmin Azərbaycan və Sloveniya arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Qeyd olunub ki, çəkilişləri 2026-cı ilin martında Bakı, Novxanı, Oğuz və İsmayıllıda aparılan layihəyə Mədəniyyət Nazirliyi, Kino Agentliyi, “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar dəstək verib.
AzTV-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli filmin hazırlanma prosesindən danışaraq ekran əsərinin Azərbaycan qəhrəmanının irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət etdiyini vurğulayıb.
Mehdi Hüseynzadənin ailə üzvləri Hənifə Əlizadə və Mehdi Əzizbəyov isə bu cür layihələrin qəhrəmanın xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Tədbir sənədli filmin nümayişi ilə yekunlaşıb.
