Türkiyənin Kayseri şəhərində “II Beynəlxalq Seyid Sirdan Seyid Bürhanəddin Mühəqqiq Tirmizi Simpoziumu” keçirilib. Kayseri Valiliyi, Erciyes Universiteti və Kayseri Universitetinin İlahiyyat fakültələrinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan da təmsil olunub.
Uvertura.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Könül Hacıyeva məlumat verib.
İran, Fələstin, Özbəkistan və Azərbaycandan alimlərin qatıldığı simpoziumda Könül Hacıyeva “Seyyid Bürhanəddin Mühəqqiqi Tirmizinin Şəms Təbrizinin ‘Məqalat’ əsərinə fikri və mənəvi təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Şəms Təbrizinin fəlsəfi düşüncələri, “Məqalat” əsərində əksini tapan təsəvvüfi baxışları və mənəvi kamillik ideyaları təhlil olunub. Eyni zamanda, Mövlana Cəlaləddin Ruminin müəllimi Bürhanəddin Tirmizinin irfani irsi ilə müqayisələr aparılıb, hər iki mütəfəkkirin bəşəri dəyərlərə əsaslanan fikirlərinin müasir dövrdə aktuallığı vurğulanıb.
Səfər çərçivəsində Könül Hacıyeva Kayseridə yerləşən Azərbaycan Qardaşlıq parkını və Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
