Bu gün dünyaşöhrətli yazıçı, nasir, publisist Çingiz Abdullayevin doğum günüdür.
Uvertüra.az xəbər verir ki, yazıçının 64 yaşı tamam olur.
Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda doğulub. Publisist paytaxtda 189 saylı şəhər məktəbini bitirib.
1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.
Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.
Çingiz Abdullayev yeganə azərbaycanlı yazıçıdır ki, rus dilində psixoloji və siyasi detektiv janrında əsərlər yazır. Ədəbi fəaliyyəti bir neçə lirik hekayə ilə, o cümlədən “Vals” (1981) və “Bir tikə çörək” (1981–1982) ilə başlayıb.
Yazıçının ilk böyük əsəri – “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb.
Sonralar trilogiya – “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub. Çingiz Abdullayevin ssenarilərinin əksəriyyəti Azərbaycan dilində yazılıb.
Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib. O, 1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir. 2005-ci ildən isə Azərbaycanın Xalq yazıçısıdır.