Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayəsi və tərbiyəsi altında böyüyüb.
Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, “Töhfətul-İraqeyn” poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xərabələri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətul-İraqeyn” poeması daxildir.
İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.
Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyli xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir.
Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır