Muzey Mərkəzinin Sərgi Qalereyası tanınmış rəssam Əbülfəz Fərəcoğlunun (Cabbarov) “QAÇIŞ NÖQTƏSİ” adlı fərdi sərgisi 12 – 16 may tarixlərində keçiriləcək. Ekspozisiyada rəssamın 16 qrafik və 91 rəsm əsəri nümayiş olunacaq. Sərginin təntənəli açılışı 12 may saat 18:00-dadır.
Müasir təsviri sənətdə baş verən bədii proseslərin mürəkkəb qatlarında bəzən əvvəlcədən nəzərdə tutulmamış hadisələrlə də qarşılaşmalı olursan. Başqa sözlə desək, ümumi axın hamının duyğularını cilovlasa da, elə bir qüvvə tapılır ki, tamaşaçı diqqətini cəlb edə və onun rəğbətini qazana bilir. Belə ki, seyrçi çağdaş təsvir konsepsiyalarının mürəkkəbləşdirilmiş simvolika və paradokslarından sanki bir az yorulmuş kimi görünür və təbii olaraq ona tuşlanmış belə sakit və etibarlı səsə minnətdarlıq hissi ilə tez reaksiya verir. Ötən əsrin son qərinəsində (1982) Azərbaycan təsviri sənət məkanında ilk addımlarını atmağa başlayan Əbülfəz Fərəcoğlu belə “səs” sahiblərindən olmuşdur. Rəssamın “Qaçış nöqtəsi” adlanan yeni fərdi sərgisində onun özündə ənənə və müasirliyi birləşdirən əsərləri ilə tanış olmaq mümkündür.
Rəssamın qırx ili əhatə edən yaradıcılığında yer alan rəngkarlıq və qrafika əsərlərinin estetikası ilk növbədə bir qayda olaraq yenilənməyə meyilli olduğundan onun, həm Azərbaycanda, həm də xarici ölkələrdə təşkil olunmuş sərgilərdə nümayiş etdirdiyi müxtəlif janrlı əsərləri daima tamaşaçıların diqqət mərkəzində olmuşdur. Gerçəkliyə inamsızlığın ifadəsi olan belə sənət nümunələrində görünənlər həm də rəssam təxəyyülünə bələdiyindən, çox vaxt cəlbediciliyi ilə yanaşı, həm də düşündürücü qəbul olunurlar.
Qənaətimizcə onun yaratdığı müxtəlif janrlı əsərlərin bədii-estetik yeniliyi-modern tutum alması onlarda müəllifin məlum sənət meyarlarını yeniləşdirmək cəhdlərinin uğurla sonuclanması, ideoloji yükdən uzaq olan bu əsərlərdə rəngləri adi boya mahiyyətindən çıxarmağın qeyri-adi təzahürləri idi. Bunun mayasını rəssamın hər şeydən öncə gördüklərindən özünəməxsus heyrətlənmək istedadı təşkil etdiyindən bu əsərlər – bu cür fərqli və özünəməxsus şərh başqaları üçün də duyulası dərəcədə yeni və maraqlı idi. Rəssam gördüklərini tanımaq üçün yox, tanıtmaq üçün çəkdiyindən obyektə aludəçilikdən və “təslimçilikdən”, sonda isə özünün şəkilçilikdən yüksəkdə durduğunu nümayiş etdirirdi.
Belə əsərlərdə sanki dünyamız öz ənənəvi görkəmini itirmiş kimidir. Rəssamın öz yaşantılarına zamanın psixoloji çətirinin kölgəsini salmağa nail olmasındandır ki, hələ də bizimlə qoşa addımlamaqda olan mənəvi-psixoloji problemlər bir qədər də “çılpaq” görünür, tamaşaçının nə vaxt uçduğunu unudan duyğularını qanadlandırır.
Bütünlükdə Əbülfəz Fərəcoğlunun müxtəlif mövzuları və janrları əhatə edən avanqard yönlü yaradıcılığını ilhamın naturaya tabe olunmamasının əyani nümayişi saymaq olar. Elə müxtəlif hadisə, motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizələrdən keçirilmiş biçimdə təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində layiqli yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Odur ki, rəssamın ən müxtəlif mövzulu əsərlərini tamaşaçı sərgi salonlarında axtarmaqdadır…