Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alıb.
Uvertüra.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparır. Həmin obrazların “canlandığı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirir.
Sərginin əlamətdar hissəsindən biri də şüşədən hazırlanan sürrealist obyektlərin və rəssamın fotolarının nümayişidir. Dalinin fırçasından çıxan hər bir əsər təkcə qrafika sənətinin şah əsəri, yeniliyin təzahürü və təkrarolunmaz müəllif yanaşması deyil, həm də bütöv bir hekayədir.
Qeyd edək ki, vaxtı ilə Salvador Dali İtaliya hökumətindən Dante Aligyerinin məşhur “İlahi komediya”sına illüstrasiyalar üçün sifariş almışdı. İtalyan şairin əsərinə illüstrasiyanın ispaniyalı rəssam tərəfindən qələmə alınacağından xəbər tutan İtaliya cəmiyyəti buna etiraz etdiyindən sifariş sonradan ləğv olunmuşdu. Lakin uşaqlıqdan Dante əsərlərinin vurğunu olan Dali işini dayandırmır. Həmin iş 10 il ərzində davam edir və bu müddətdə rəssam 3500 nümunə yaradır, bu isə öz növbəsində qeyri-adi rəsm effektinə nail olmağa imkan verir. Unikal istedada malik Salvador Dalinin dünyaya baxışı fərqli olub, məkan, forma və rənglə eksperimentləri sevib. Dalinin yaratdığı əsərlər surrealizm üslubundadır, rəssamın özü isə incəsənətin bu istiqamətinin ən parlaq və tanınmış nümayəndələrindən biridir. Onun əsərləri dünyanın ən böyük muzeylərində saxlanılaraq sürrealizmin klassikası sayılır. Həmin əsərlər insanların incəsənətə baxışını dəyişərək öz daxili hisslərinə köklənməyə sövq edir.
Sərgi oktyabrın 8-dək ictimaiyyət üçün açıq olacaq. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.