Qazaxıstanın “Tynda Music” simfonik orkestri Heydər Əliyev Sarayında italyan bəstəkar Lyudoviko Eynaudinin ən yaxşı əsərlərindən ibarət yeni və unikal proqram təqdim edəcək.
Uvertüra.az xəbər verir ki, iyunun 2-də Azərbaycanda ilk dəfə olaraq italyan bəstəkarın əsərləri tamamilə yeni formada səsləndiriləcək.
Şübhəsiz ki, Lyudoviko Eynaudi neoklassikanın ən görkəmli nümayəndələrindən biridir. Onun “Elements” (2015) albomu kommersiya nöqteyi-nəzərindən inanılmaz dərəcədə uğurlu olub. Bu, son 20 ildə Böyük Britaniya albom çartına daxil olan yeganə klassik əsərlər toplusudur. Eynaudinin saundtrekləri onu çox populyar edib. Əsasən onun həyatı təsdiqləyən melodiyaları sayəsində “1+1” fransız komediyası bütün dünyada milyonlarla insanın ürəyinə yol tapıb. Dünyaca məşhur italyan bəstəkar, pianoçu 20-dən artıq albomun, eləcə də Darren Aronofskinin “Qara qu quşu”, Ksavye Dolanın “Mən hələ ki, buradayam” və “Anacan” filmlərinə saundtreklərin müəllifidir.
Qeyd edək ki, “Tynda Music” insanları canlı musiqi vasitəsilə ruhlandıran və mədəni cəhətdən maarifləndirən musiqi layihəsidir. Layihənin əsas ideyası yüksək səviyyəli musiqini və dünya miqyaslı musiqiçiləri hər kəs üçün daha əlçatan və yaxın etməkdən ibarətdir.