Müstəqil “M.Teatr”da (“Mənim teatrım”) tanınmış fransız dramaturqu, aktrisa Jasmina Rezanın “Art” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
Bu barədə Uvertüra.az-a teatrın mətbuat katibi Turan Etibaroğlu məlumat verib.
Yeni tamaşanın quruluşçu rejissoru Ərturan Nəcəfi Göl, rəssamı Sevinc Məmmədova, rejissor köməkçisi Cavid Babadır. Komediya janrında qurulan tamaşada rolları Vüqar Hacıyev, Şamil İbrahimov və Ərturan Nəcəfi Göl ifa ediblər.
Səhnə əsəri 3 köhnə dostdan bəhs edir. Dostlardan biri ağ rəngdə bir rəsm əsəri alır, bu isə onların arasında böyük qalmaqala səbəb olur. Əsər klassik düşüncə ilə modernizm arasında olan zidiyyətlərdən, eləcə də dostların biri-birinə olan münasibətindən bəhs edir.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.