Bu gün – 26 iyul Xalq yazıçısı, ictimai xadim, pedaqoq, publisist, ziyalı İsmayıl Şıxlının anım günüdür.
Uvertura.az xəbər verir ki, İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub.
1928-ci ildə Qazax rayonunun Kosalar kənd orta məktəbinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 1934–1936-cı illərdə Qazax Pedaqoji Texnikomunda oxuyub. Texnikomda təhsil alarkən 1935-ci ildə Lenin komsomolu sıralarına daxil olub.
Qazax Pedaqoji Texnikomunu bitirdikdən sonra 1936–1937-ci illərdə Kosalar kənd orta məktəbində müəllimlik edib. Daha sonra 1937-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub və 1941-ci ildə ali təhsilini bitirib.
İkinci dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub.
Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946–1949), müəllim, baş müəllim olub, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965–1968) kimi çalışıb.
“Azərbaycan” jurnalında baş redaktor (1976–1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981–1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981–1987) olub. 1986-cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilib. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.(1991).
O, 26 iyul 1995-ci ildə – 76 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!