Bu gün, yəni avqustun 17-i Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
Uvertura.az xəbər verir ki, o, 1942-ci ildə Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun “Toska” operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
Dünyaşöhrətli müğənninin repertuarında 600-dək əsər var. O, həm də gözəl mahnılar müəllifidir. Müslüm Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var.
Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.
O, 1973-cü ildə SSRİ Xalq artisti adına, 1997-ci ildə isə “Şöhrət Orden”nə layiq görülmüşdür.
Ölməz sənətkar 2008-ci ilin oktyabrın 25-də Moskvada vəfat edib.