Oktyabrın 23-dən 26-dək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” keçiriləcək.
“Uvertura.az” xəbər verir ki, tədbirin ilk günündə Azərbaycanın Xalq şairi Vahid Əzizlə Özbəkistan Yazıçılar Birliyində görüş olacaq.
Bundan başqa, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində “Müasir dövr Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” mövzusunda müzakirələr təşkil ediləcək.
Eyni zamanda, V.Əziz yaradıcılığına dair tədbir keçiriləcək.
Oktyabrın 24-də Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Azərbaycan poeziyası və musiqisi ilə bağlı ədəbi-bədii tədbir təşkil olunacaq.
Tədbirdə V.Əzizlə görüş keçiriləcək, şairin şeirləri səsləndiriləcək, gənc və populyar xanəndələr, beynəlxalq müsabiqələr laureatları, muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva milli musiqimiz, muğamlarımızı ifa edəcək, eyni zamanda Özbəkistanda tanınmış azərbaycanlı saz ustası İlham Abdullayev milli saz havalarımız, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı isə milli rəqslərimizlə çıxış edəcəklər.
Oktyabr 25-də Özbəkistanın Xarəzm vilayətində Urgənc Dövlət Universitetində tədbirlər davam edəcək, Azərbaycan poeziya nümayəndələri, incəsənət ustalarının iştirakı ilə ədəbi-bədii, musiqili tədbir keçiriləcək.