Dekabrın 8-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə türk ədəbiyyatının görkəmli nümayəndəsi Məhməd Akif Ərsoyun (1873–1936) Azərbaycan dilinə uyğunlaşdırılan şeirlərindən ibarət kitabın təqdimatı keçirildi. “Məhməd Akif Ərsoy. Seçmə şeirlər” kitabı şairin anadan olmasının 150 illiyi münasibətilə TÜRKSOY tərəfindən nəşr olunub.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq TÜRKSOY-un Türk dünyasının mədəni irsinin təbliğinə, qardaş ölkələrimiz arasında mədəni əməkdaşlığa böyük töhfələr verdiyini vurğuladı. Milli Kitabxananın da TÜRKSOY təşkilatı ilə əməkdaşlıq etdiyini, görkəmli şəxslərin yaradıcılığı ilə bağlı layihə və tədbirlər həyata keçirdiklərini deyən direktor diqqətə çatdırdı ki, Məhməd Akif Ərsoyun şeirlər kitabı ilk dəfə Azərbaycan dilində nəşr edilir. Kitab görkəmli ədibin yaradıcılığının ölkəmizdə daha çox tanınmasına və sevilməsinə zəmin yaradacaq.
TÜRKSOY-un baş katibi Sultan Raev çıxışında diqqəti Məhməd Akif Ərsoyun yaradıcılığına yönəltdi. Onun bir millətin ruhunda dərin izlər buraxan şairlərdən olduğunu, Türk dünyasının milli şairləri arasında yer aldığını vurğuladı. Baş katib şairin anadan olmasının 150 illiyi münasibətilə TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla 2023-cü ilin “Türk dünyasında Məhməd Akif Ərsoy İli” elan edildiyini diqqətə çatdırdı.