Uvertura.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatında baş vermiş maraqlı məqamlardan bəhs edir.
Belə ki, Rasim Balayevi bir dəfə telekanallardan birinə, hansısa proqrama qonaq kimi dəvət ediblər. Televiziyanın həyətinə öncədən mühafizəçilərə təqdim edilmiş yazılı xəbərdarlıq olmadan girmək mümkün deyilmiş, Rasim Balayevin gələcəyi barədə mühafizəçilərə xəbər vermək isə yaddan çıxıbmış.
Mühafizəçi Rasim Balayevi tanımayıb və içəri buraxmaq istəməyib.
“A bala, məni tanımadın. Nəsimi, Babək, Beyrək. Yadına sal da”.
Rasim Balayev bir neçə dəqiqə gözlədikdən sonra içəriyə zəng edib, rejissorun köməkçisi qaça-qaça qapıya gəlib, Rasim Balayevi içəri keçirir, o keçəndən sonra qapıçıya əsəbiləşir: “Niyə buraxmırsan, Xalq artistidir, Rasim Balayevdir”.
Həmin şəxs laqeyd şəkildə cavab verib: “Dəlidir, nədir, bayaqdan gah deyir Babəkəm, gah deyir Nəsimiyəm, gah deyir Beyrəkəm, indi də deyir Rasiməm?”