Yanvarın 20-si Azərbaycan milli dövlətinin, onun ərazi bütövlüyünün bərpası, 190 illik müstəmləkə zülmündən xilas olmaq uğrunda mübarizənin rəmzi, yüksək zirvəsidir.
Uvertura.az xəbər verir ki, bu tarix cəmiyyətə şəhidlik sözünü yeni çalarda təqdim etdi. Düzdür, yanvar hadisələrindən əvvəl də Qarabağda sovet-erməni hərbçiləri ilə döyüşlərdə azərbaycanlılar şəhid olurdu. Ancaq 1990-cı ilin ilk ayı bu sözü Azərbaycan vətəndaşları üçün mahiyyətini daha da aydınlatdı, müqəddəsləşdirdi. Sovet İttifaqında allahsızlığın təbliğ edildiyi və hakim olduğu mühitdə böyüyən, təhsil alan, yaşayan insanlar üçün şəhidlik daha çox dini mahiyyət daşıyırdı. Azərbaycan cəmiyyəti milli azadlıq mübarizəsinədək Kərbəla şəhidləri haqqında məlumatlı idi.
Vətən, Torpaq, Azadlıq uğrunda mübarizə bu cəmiyyət üçün fərqli təbliğ olunduğundan şəhidliyin yükü, ucalığı da uzaq salınmışdı.
Yanvar hadisələri şəhidliyi və şəhidləri Azərbaycan cəmiyyəti üçün daha əziz etdi.