“Hər bir əsərini yaradarkən Üzeyir bəyi gözünün önünə gətirirdi…”
Uvertura.az xəbər verir ki, bu il görkəmli bəstəkar, tanınmış dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi qeyd edilir. Prezident İlham Əliyev bəstəkarın 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Süleyman Ələsgərovun yubileyinə həsr edilən konsert keçirildi.
Mədəniyyət və incəsənət xadimləri, mədəniyyət nazirinin müavini Murad Hüseynov, digər rəsmilər, millət vəkilləri, ictimaiyyət nümayəndələri və musiqisevərlər konserti izlədilər.
Konsertdən öncə səhnəyə çıxan akademik, millət vəkili Rafael Hüseynov görkəmli bəstəkarın dolğun yaradıcılıq fəaliyyəti, sənət dostlarına göstərdiyi qayğı və mədəniyyət xəzinəmizə bəxş etdiyi dəyərli əsərlərindən söz açdı: “Süleyman Ələsgərov Azərbaycanın, sadəcə, bəstəkarı deyil, böyük bir mədəniyyət təşkilatçısı, mədəniyyət qurucusu və böyük müəllim idi. Hər bir insan gərək tərbiyə, məktəb, şəxsiyyət görə. O, dünyanı dərk edəndə böyük ziyalı, şəxsiyyət Üzeyir bəyi görmüşdü. Hər bir əsərini yaradarkən Üzeyir bəyi gözünün önünə gətirirdi…”.
Bildirildi ki, görkəmli bəstəkar 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi romansların, 200-dən artıq mahnının müəllifidir.