Bugünkü Mili Dram Teatrı 1919-cu ildə dövlət statusu alıb və həmin vaxtdan keçən 99 ildə bu sənət ocağında 99-dan çox-çox qüdrətli səhnə fədailəri fəaliyyət göstəriblər. Bunların arasında Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Mirzağa Əliyev, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Rza Təhmasib, Kazım Ziya, Mustafa Mərdanov, Möhsün Sənani, Mərziyə Davudova, Yeva Olenskaya, Sona Hacıyeva, Barat Şəkinskaya, Fatma Qədri, Hökümə Qurbanova, Ələsgər Ələkbərov, Məmmədəli Vəlixanlı, Ağahüseyn Cavadov, İsmayıl Osmanlı, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Əliağa Ağayev, Məmmədrza Şeyxzamanov, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Məlik Dadaşov, Sofiya Bəsirzadə, Həsənağa Salayev, Əli Zeynalov, Həsən Turabov, Şəfiqə Məmmədova, Səməndər Rzayev, Yaşar Nuriyev… kimi möhtəşəm ustadlar olublar. Onların yaradıcılıq salnaməsini bəzəyən əsas rollar oynadıqları tamaşaların qəhrəman və aparıcı obrazlarıdır.
Bununla belə, Akademik teatrda əsasən kiçik, epizodik rollarda sevilən və müəyyən mənada şöhrətin parlaq töhfələrindən paylarına az düşən fədakarlar da olub ki, teatrı onlarsız təsəvvür etmək mümkünsüzdür. Akademik teatrın şöhrət çələngini çiyinlərində ləyaqətlə daşıyanlarla bir cərgədə sakitcə, lakin şövq və məhəbbətlə, coşqun ehtirasla addımlayanlar da kifayət qədər olub. Olub və onlarsız teatr kasıblaşardı, sönük görünərdi, addımlarının qətiyyətləri zəifləyərdi. Səhnə fəaliyyətləri ehtirama layiq fədailərin az bir qismini xataırladıram.
Bağır Cabbarzadə 1894-cü ildə anadan olmuşdur. Səhnəyə ilk dəfə 1910-cu ildə çıxıb. “Nicat”, “Səfa” cəmiyyətləri teatr truppalarının, “Müdiriyyət” dəstəsinin tamaşalarında oynayıb. 1919–1950-ci illərdə Akademik Milli Dram Teatrının truppasında çalışıb. 21 iyul 1949-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.
Əsas rollarda oynadığı filmlərin bir qismini sizə təqdim edirik:
- Qədim (Cəfər Cəbbarlı, “Yaşar”),
- Əbdül (Cəfər Cabbarlı, “Dönüş”),
- Aftil (Cəfər Cabbarlı, “Almaz”),
- blis (Əbdürrəhim bəy Haqverdiyev, “Pəri cadu”)
- Aslan bəy (Əbdürrəhim bəy Haqverdiyev, “Dağılan tifaq”),
- Sönməz (Cəfər Cabbarlı, “Od gəlini”),
- Qurban (Cəfər Cabbarlı, “Aydın”),
- Hacı Zaman (Cəfər Cabbarlı, “Oqtay Eloğlu”),
- Məhəmməd Əmin (Cəfər Cabbarlı, “Ədirnə Fəthi”) .