Aprelin 4-də saat 17:00-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun (1914–2004) anadan olmasının 110 illiyinə həsr olunan gecə keçiriləcək.
Uvertura.az xəbər verir ki, yubiley tədbiri Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə gerçəkləşəcək.
Tədbirdə sənətkarın Azərbaycan teatr və kinosunun inkişafına verdiyi töhfələrdən söz açılacaq, həmkarları aktyorla bağlı xatirələrini bölüşəcək. Muxtar Avşarovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.
Qeyd edək ki, aktyor “Sevil” (film-opera; 1970), “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”, “Atları yəhərləyin”, “Qəm pəncərəsi”, “Kişi sözü”, “İşarəni dənizdən gözləyin”, “Qətl günü” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb. Ömrünün müdrik çağlarında sənətkarın yolu yenidən teatrdan düşüb. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb, maraqlı obrazlara həyat verib.