Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə Bakıda Beynəlxalq Muğam Mərkəzində “Naxçıvan fotolarda” adlı fotosərgi keçirilib.
Uvertura.az xəbər verir ki, sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak edib.
F.Nəcəfli vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də baş tutub. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində də muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.
Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən F.Nəcəfli bildirib ki, Azərbaycan Prezidentinin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur.