Aprelin 30-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əməkdar artist Osman Hacıbəyovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Uvertura.az xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək görkəmli aktyor Osman Hacıbəyovun müxtəlif xarakterli rollar ifa etdiyini bildirib. Qeyd edib ki, O.Hacıbəyov El oğlu, Ayaz (“El oğlu” və “Ana”), Əşrəf və Qıdı kirvə (“Hacı Qəmbər”), Yaşar (“Yaşar”), Elşən (“Məlik Məmməd”), Protey (“İki veronalı”), İmran, Nəsrəddin (“Anacan” və “Nəsrəddin”), Bəxtiyar (“Komsomol poeması”) və başqa rolları ilə sənət tariximizdə unudulmaz izlər qoyub.
Tədbirdə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və tələbələri Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Sonda sənətkarın iştirak etdiyi tamaşalardan ibarət videoçarxlar nümayiş edilib.