Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Ankaradakı Millət Kitabxanasının direktoru Ayhan Tuğlu ilə iki qardaş ölkə arasında kitabxana işi sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası məsələlərini müzakirə edib.
Səfirlikdən uvertura.az-a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, bütün sahələrdə olduğu kimi dövlətlərimiz üçün mədəni əlaqələr, kitabxana-informasiya sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib.
S.Abbasov kitabxana-informasiya sahəsində Türkiyə ilə təcrübə mübadiləsinin aparılması, Azərbaycanın aparıcı kitabxanaları ilə əlaqələrin qurulması, qarşılıqlı səfərlərin reallaşdırılması, Millət Kitabxanasında Azərbaycan fondunun daha da zənginləşdirilməsi, kitabxanada tariximiz, mədəniyyətimiz, habelə mütəfəkkirlərimizə həsr olunmuş yubiley və konfransların təşkili, azərbaycanlı mütəxəssislərin kitabxananın nadir nəşrlər fondu və Türkiyə arxivlərinin elektron bazasından istifadə edərək tədqiqat aparmasına şərait yaradılması barədə təkliflərlə çıxış edib.